kesprogramlogo

LAYİHƏNİN TƏSVİRİ

Knowledge Exchange Service İKT layihədir. Layihəsinin əsası 2013-cü ilin Mart ayında bir neçə şirkətin İKT və maliyyə sahəsində çalışan mütəxəssisləri tərəfindən qoyulmuşdur. Layihənin mənası “Biliyin Mübadilə Xidməti”-dir (Knowledge Exchange Service). KES layihəsi ölkəmizin müxtəlif dövlət və özəl şirkətlərinin İKT sektorunda çalışan mütəxəssislərini və bu sahədə peşəkar olmaq istəyən insanları bir araya gətirir. Mütəxəssislər tərəfindən hazırlanmış peşəkar tədris proqramı 30/70 nəzəri/praktik nisbətdə təlimlər şəkilində layihə üzvlərinə tədris edilir. Layihə yeni nəslin İKT inkişafına dəstək olmaq, peşəkar bilikləri potensiallı insanlarla mübadilə etmək, real İKT təcrübəni yaşatmaq, komanda işini mənimsətmək və uğurlu məzunları işəgötürənlərə tövsiyyə etmək məqsədilə yaradılmışdır. KES layihəsi tamamilə qeyri-kommersiya xarakterlidir! Yalnız layihə xərclərindən ibrarət olan KES-in büdcəsi tələbələr arasında bərabər dəstəkdən formalaşır. Layihəyə qəbul 2013-cü ilin Oktyabr ayından başlanılmışdır. İlk dəfə təlimlərə Yanvar 2014-cü ildə start verilmişdir. Hal-hazırda KES ölkəmizin İKT sahəsində ən qabaqcıl fərdi İnkubasiya Mərkəzi hesab olunur.

LAYİHƏNİN MƏQSƏDİ VƏ İŞTİRAKÇILARIN UĞURLARI

Layihənin əsas məqsədi potensiallı insanları – əsasən gəncləri aşkarlamaq, onlara təhsil və karyeralarında maksimum dəstək olmaq, yeni-yeni innovativ proyektləri gənc komanda ilə icra etmək, ölkəmizin İKT sahəsində inkişafında yeni bir dəsti-xətt yaratmaqdır. KES-də təhsilin mübadiləsi gedir. KES nə kursdur, nə liseydir, nə texnikumdur, nə də universitet! KES-də mühit və münasibətlər yeni müstəvidə qurulmuşdur. Bu müstəvidə olan hər bir gənc əldə etdiyi bilik, təcrübə və potensialına görə gələcək karyerasını müəyyənləşdirə bilir. Təlimçi və iştirakçı münasibətləri ideal qurulmuşdur. Bununla yanaşı etiraf edirik ki, layihə üzvü olmaq o qədər də sadə deyil. Çünki, KES hər arzulayan üçün deyil. KES-ə qəbul 3 mərhələdən keçir: qeydiyyat, qəbul imtahanı və müsahibə. Yalnız qəbul imtahanından və müsahibədən uğurla keçən namizədlər KES layihəsinin üzvü olur. Layiyəyə indiyə kimi 300 nəfərdən artıq namizəd müraciət etmişdir. Təlim qrafiki mütəxəssislərin iş və iştirakçıların təhsil (və ya iş) qrafikləri ilə tam nizamlanmışdır. Belə ki, təlimlər qeyri-iş günləri və qeyri-iş saatlarında aparılmaqla heç bir kəsişmə yaratmır. 6 ay davam edən təlimlərin nəticəsi olaraq KES-in 20-dən çox məzunu artıq əmək müqaviləsi ilə müxtəlif şirkətlərdə karyeralarına start vermişdir. Bir neçə layihə üzvü isə iş yerlərində vəzifə yüksəlişi əldə etmiş və ya daha perspektivli olan sahələrə keçmişdir.

LAYİHƏNİN PLANI

KES layihəsi hər il olduğu kimi 2016-ci ildə də növbəti proqram üçün üfiqi-şaquli-ortoqonal inkişaf planı ilə 300 nəfər qəbul yeri elan edir. Oktyabr ayından start veriləcək təlimləri birbaşa ölkənin ən qabaqcıl mütəxəssisləri aparacaqdır. Bütün təlimçilər bir qayda olaraq dövlət müəssisəsi və ya özəl şirkətlərdə çalışan və əksəriyyəti xarici ali təhsilə malik olan mütəxəssislərdir. Anonimlik şərtlərinə görə təəssüf ki, təlimçilərin adını və çalışdıqları qurumları/şirkətləri açıqlamaq imkanında olmasaq da onlarla müsahibə zamanı yaxından tanış olmaq olar. Layihə iştirakçılarını geniş və zövqlü bir təlim mərkəzi gözləyir. KES layihəsinin tədris planı əlaqəli sahələrin vəhdəti şəkilində təşkil olunan peşəkar İKT paketlər 6 ay müddətində davam edəcəkdir. Hal-hazırda KES üzvlərə 20-dən çox İKT təlim olmaqla 5 müxtəlif istiqamətlərdə paketlər təqdim edilmişdir. Paketlər və onlara daxil olan təlimlərlə “Təlim Kataloqu” bölməsində tanış ola bilərsiniz. KES haqqında suallarınızın cavabını saytın FAQ bölməsindən əldə edə bilərsiniz. Əgər hər hansı bir sualınız cavabsız qalarsa, o zaman KES mərkəzi ofisə müraciət edə bilərsiniz. Təhsil və karyeranızda Sizə uğurlar arulayırıq!

Hörmətlə, KES kollektiv