Proqramlaşdırmanı öyrənən 4 tələbə danışdı: “KES-in müəllimləri könüllü dərs deyirlər”

Bu ilin əvvəlindən Azərbaycanda yeni — “KES EIS Program” (Knowledge Exchange Service — Education Intership Scholarship Program) layihəsi reallaşır. Heç bir kommersiya məqsədi daşımayan layihədə könüllü mütəxəssislər bir araya gəlib tələbələrə bilik paylaşırlar. KES layihəsinin rəhbəri Seymur Fərziyevin dəvəti ilə bir bazar gününü tələbələrlə keçirdik, təlim prosesin izlədik.
Proqramlaşdırmanın sirlərini öyrənən 4 nəfərlə — Azərbaycan Dövlət Neft Akademiyasının İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakültəsinin “Kompüter Elmləri” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Mirsahib Mövsümov, Nahidə Hacıyeva, həmin tədris ocağının “Energetika” fakültəsinin tələbəsi Nurlan Məcidzadə və Azərbaycan Dövlət İqtisadiyyat Universiteti Kommersiya fakültəsinin məzunu İlkin Dostiyevlə söhbətləşdik.

- KES layihəsinə necə qoşuldunuz?

Mirsahib Mövsümov: Bizim universitetdə KES layihəsinin təqdimatı oldu. Çox gözəl ideyadır, Avropada belə layihələr çox olur, Azərbaycanda isə bu bir ilk təcrübədir. Bu proyektin əsas üstünlüyü maliyyə, kommersiya xarakteri daşımamasındadır. KES-in müəllimləri bizə könüllü dərs deyirlər, məqsədləri gəlir əldə etmək yox, bilikləri gənclərlə paylaşmaqdır. Fevral ayından gəlirik, ara günlər məşğələ dərsləri, seminarlar, bazar günlər isə nəzəri dərslər olur.

Nahidə Hacıyeva: Burada iqtisadiyyat, maliyyə bank işi və daha çox proqramlaşdırmanı öyrənirik. Burada seçim sərbəstdir. Kim hansı sahəni seçir və maraqlanırsa, o sahə üzrə dərs alır. Hər bir tələbə istənilən kursu seçə bilər. Müəllimlər özləri də məsləhət verirlər ki, hansı sahə üçün hansı kursu keçmək daha yaxşıdır. Biz proqramlaşdırma kursundayıq. Facebook-da aktiv qrupumuz var. Müəllimlərimiz idarə edir. Ümumu e-mail səhifəmiz var, məlumat hər bir insanın elektron ünvanına gedir. Dərslər səhərdən axşamacan olur.

- Bura gəlməkdə məqsədiniz nədir?

Mirsahib: Əsas məqsəd öz ixtisasımızı öyrənməkdir.

- Bəyəm sizi universitetdə öyrətmirlər? Kompüter elmləri, 3-cü kurs. Nə öyrədirlər sizə?

Mirsahib: Universitetdə əsas riyaziyyata önəm verirlər. Əlavə biliklərə ehtiyac duyulur.

- İlkin, ixtisasınız kommersiyaya bağlıdır. Proqramlaşdırma ilə əlaqəsi yoxdur.

İlkin Dostiyev: əlaqəsi yoxdur (gülür)

- Onda çətin olmalıdır.

İlkin: çətindir, bəli. Sözün açığı, bu sahə ilə bağlılığım yoxdur deyə, ağır gəlir çox şey. Burada isə proqramlaşdırmanı sıfırdan başlamışıq. Çətin də olsa, öyrənirik.

- Nurlan Energetika fakültəsində təhsil alır. Bura gəlməkdə nəyi əldə edirsiniz?

Nurlan Məcidzadə: Azərbaycanda hələ o qədər də inkişaf tapmamış sahə var: elektron robot texnologiyası. Bu sahədə işləmək üçün gərək proqramlaşdırmanı biləsən.

- Robotlar bəşəriyyət üçün təhlükə deyil?

Nurlan: Müəyyən təhlükə ola bilər. Avtomatlaşdırma fakültəsi var Yaponiya, Almaniyada. Azərbaycanda niyə olmasın?

- Bu yaxında artıq Rusiyada insana atəş açacaq robotların hazırlanmasına başlanıb. Bu təhlükə deyil? Üstəlik, süni intellektin yaradılmasının bir addımındayıq. Sonumuz necə olacaq?

Nurlan: Bəlkə elə dərinə getməyək?

- Necə getməyək? Bəs, 4 hissəli “Terminator” filmindəki insanı öldürən robotlar necə olsun? Artıq elə də fantastik görünmür.

Nurlan: Gəlin, məsələyə başqa cür yanaşaq. Elektroenergetikada yüksək gərginlikli elektrik enerjisi naqillərlə ötürülür. Yaşadığımız binalara da. Avtomatik qurğular olmasa, adi qığılcımdan bina partlaya bilər. Prosesə robotlar nəzarət edir.

- Yaxşı neft bitəndə nə edəcəyik? Bu avtomatları necə işə salacağıq?

Nurlan: alternativ enerjidən yararlanacağıq. Günəş, külək enerjisindən.

- Külək enerjisi böyük zavodları işlədə biləməz.

Nurlan: Hindistanın Mambo şəhərində bunu bacarıblar.

- Neçə aydır gəlirsiniz, nəsə bir proqram yazmısınız? Deyirlər, proqramçı ilk proqramını yazanda mütləq virus yaradır.

Nurlan: Biz hakerliyi öyrənməyə gəlməmişik. Virus yaratmaq məqsədimiz yoxdur.

- Bir az başımız kənar mövzulara qarışdı, bir sualım da var: buranın şəraiti necədir?

Nahidə: Buranın elektron kitabxanası var. Yeni noutbuklar alınıb, hərəyə fərdi kompüter verilib. Amma burada qalmaq şərti ilə. Elektron kitablar əsasən ingilis dilindədir. İnternet də var, amma bizə elə də çox lazım deyil. Öyrəndiklərimizi evdə tətbiq edirik.

***

Bir qədər uşaqlarla dərsdə oturub Çin heroqlifləri qədər çətin görünən proqramlaşdırmanın sirlərini öyrənməli oldum, lövhədəki yazıları izlədim. Zalda əyləşən gənclər qəribə bir gərginliklə prosesi izləyirdilər. Bəlkə də yanımda gələcəkdə Stiv Job, Maykl Dell, Mark Suxerberq kimi ad qazanacaq kimsələr əyləşmişdi.

Zaman onların zamanıdır, dünyanı əla alacaq yeni elitanın…

Mənbə: pressforum.az